AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru AMEA Rəyasət Heyətinin iclasında çıxış edib
19.01.2021 / XəbərlərAzərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2021-ci il yanvarın 19-da keçirilmiş iclasında AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2020-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat dinlənilib. Hesabat məruzəsini AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik Rasim Əliquliyev təqdim edib.
Hesabatın müzakirəsi zamanı AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edib. O, AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) 2020-ci ildə əldə etdiyi elmi nailiyyətlərdən, tətbiq olunmuş elmi nəticələrdən, həyata keçirilmiş mühüm elimi-təşkilati tədbirlərdən, habelə İnstitutun fəaliyyətinə mənfi təsir göstərən problemlərdən və İnstitutun inkişaf perspektivlərindən danışıb. Ə.Sadıqov Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 18-də Azərbaycan Televiziyasına verdiyi müsahibədən sitat gətirərək, işğaldan azad olunmuş ərazilərdə müasir inkişaf modelinə uyğun idarəetmə sistemlərinin yaradılmasının vacibliyini vurğulayıb və İSİ-nin bundan irəli gələn vəzifələrindən danışıb.
Ə.Sadıqov həmçinin qeyd edib ki, dünya elminin inkişaf meylləri, ölkəmizin sosial-iqtisadi və müdafiə problemləri nəzərə alınmaqla İSİ-nin prioritet elmi istiqamətləri yenidən müəyyənləşdiriləcək.