İdarəetmə Sistemləri İnstitutunda 20 Yanvar faciəsinə həsr olunmuş sərgi təşkil olunub
20.01.2021 / XəbərlərAzərbaycan xalqının tarixinə Qanlı Yanvar kimi daxil olmuş 1990-cı il 20 Yanvar faciəsindən 31 il ötür. Bu hadisə eyni zamanda Azərbaycanın istiqlal yolunun zirvəsi, milli məfkurəmizin oyanış günüdür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirilib. Əsas məqsəd istiqlaliyyət, suverenlik istəyində olan xalqımızın iradəsini qırmaq, müstəqillik arzularını puç etmək idi.
Lakin 21 yanvar tarixində Ulu Öndər Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək bəyanatla çıxış etdi. Məhz bu bəyanatın faciəyə siyasi qiymət verilməsində əvəzsiz rolu oldu. Dörd il sonra martın 29-da isə Ümummilli liderin səyi nəticəsində 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verildi.
Xalqımızın azadlıq mücadiləsində dərin iz buraxmış 20 Yanvar tarixi ölkəmizdə hər il müxtəlif tədbirlərin keçirilməsi ilə yadda qalır.
Bu il AMEA-nın İdarəetmə Sistemləri İnstitutda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş digər tədbirlərlə yanaşı sərgi təşkil olunub. Sərgidə faciəyə aid kitablar və digər eksponatlar nümayiş olunmuşdur.