İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Şəhidlər Xiyabanını ziyarət etdilər
20.01.2021 / Xəbərlər20 Yanvar faciəsindən 31 il keçir. Qanlı 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir. Həmin gecə baş verən hadisələr bilavasitə nümayiş etdirdi ki, Azərbaycan xalqı pozulan hüquqlarının, suverenliyinin bərpası uğrunda savaşmaq əzminə sahibdir. Xalqımız hər il 20 Yanvar qətliamının qurbanlarını yad edir.
AMEA İdarəetmə Sistemləri İnstitutunun bir qrup əməkdaşı 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər və günahsız olaraq qətlə yetirilmiş oğul və qızlarımızın məzarları önünə tər qərənfillər düzüblər. Gənc alimlər ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş, Vətən müharibəsində həlak olan şəhidlərimizin əziz xatirəsini də ehtiramla yad ediblər.