AMEA İdarəetmə Sistemləri İnstitutunun yeni təyin olunmuş baş direktoru və icraçı direktoru kollektivə təqdim olunub
26.01.2021 / Xəbərlər25 yanvar 2021-ci il tarixində AMEA İdarəetmə Sistemləri İnstitutunun (İSİ) yeni təyin olunmuş baş direktoru akademik Əli Abbasov və icraçı direktoru AMEA-nın müxbir üzvü Əminağa Sadıqov institutun kollektivinə təqdim olunub.
İclası açan AMEA-nın birinci vitse-prezidenti akademik Dilqəm Tağıyev iştirakçıları salamlayaraq diqqətə çatdırdı ki, akademik Əli Abbasov AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi Şurası tərəfindən İdarəetmə Sistemləri İnstitutunun baş direktoru vəzifəsinə seçilmişdir. AMEA Rəyasət Heyətinin 22 yanvar 2021-ci il tarixli müvafiq qərarları ilə akademik Əli Abbasov İSİ-nin baş direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov isə İSİ-nin icraçı direktoru vəzifəsinə təsdiq ediliblər.
Birinci vitse-prezident Əli Abbasovun uzun müddət Milli Elmlər Akademiyasında çalışdığını, daha sonra rabitə və yüksək texnologiyalar naziri kimi fəaliyyət göstərdiyini, böyük bilik və təcrübə əldə etdiyini qeyd etdi, həmçinin onun yaxşı insani keyfiyyətlərindən danışdı. Onun baş direktor kimi fəaliyyətinin İnstituta uğurlar gətirəcəyinə əminliyini ifadə etdi.
Akademik Dilqəm Tağıyev AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun da böyük elmi potensiala və elmi-təşkilati təcrübəyə malik olduğunu qeyd edərək, onun icraçı direktor kimi institutun fəaliyyətinə böyük töhfə verəcəyini bildirdi.
Sonra AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin sədri akademik Rasim Əliquliyev İSİ-nin ona doğma institut olduğunu və buranın yetirməsi olduğu üçün fəxr etdiyini bildirdi. O, akademik Telman Əliyevin İnstitutun quruculuq işlərində, avtomatlaşdırılmış idarəetmə sistemləri sahəsində kadr hazırlığında və böyük elmi məktəb formalaşdırmasında müstəsna rol oynadığını bildirdi. Rasim Əliquliyev ölkəmizdə həyata keçirilən yeniləşmə siyasəti kontekstində Elmlər Akademiyasında islahatların başlandığını və müvafiq struktur dəyişikliklərinə qərar verildiyini diqqətə çatdırdı. O, akademik Əli Abbasovun İSİ-yə baş direktor və AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun icraçı direktor təyin olunmasını uğurlu seçim kimi dəyərlədirərək, onların hər ikisinin bu elmi müəssisədə yetişdiyini, sonralar müxtəlif yüksək vəzifələrdə çalışdıqlarına baxmayaraq, hər zaman institutun elmi fəaliyyətində yaxından iştirak etdiklərini, institutun kollektivi ilə sıx təmasda olduqlarını və böyük nüfuza malik olduqlarını qeyd etdi.
Sonra akademik Telman Əliyev, AMEA-nın müxbir üzvü Ağası Məlikov, professorlar Knyaz Məmmədov və Abbas Rzayev çıxış edərək Əli Abbasovun və Əminağa Sadıqovun təyinatları ilə əlaqədar öz müsbət fikirlərini bildirdilər. Çıxış edənlər həm Əli Abbasovu, həm də Əminağa Sadıqovu böyük elmi potensiala və geniş dünyagörüşünə malik alim və obyektiv insanlar kimi tanıdıqlarını bildirərək, bu təyinatlara görə AMEA rəhbərliyinə təşəkkür etdilər.
Sonra çıxış etmək üçün söz akademik Əli Abbasova verildi. O, əvvəlcə ona göstərilən yüksək etimada görə AMEA-nın prezidenti akademik Ramiz Mehdiyevə, birinci vitse-prezident Dilqəm Tağıyevə, vitse-prezident Rasim Əliquliyevə, həmçinin akademik Telman Əliyevə öz minnətdarlığını bildirdi. Ə.Abbasov AMEA-da islahatların bir neçə istiqamətdə aparıldığını vurğulayaraq qeyd etdi ki, əsas hədəflərdən birinin tətbiqi işlərin sayının artırılması və AMEA-ya büdcədənkənar vəsaitlərin cəlb edilməsidir. Bu sahədə İSİ-nin qarşısında da böyük vəzifələrin durduğunu söyləyən natiq, iri beynəlxalq elmi layihələrdə alimlərin iştirak etməsi, elmi nəticələrin kommersiyalaşdırılması, patent-lisenziya fəaliyyətinin artırılması və s. kimi məsələlərin diqqət mərkəzində olacağını bildirdi.
Sonra çıxış etmək üçün söz institutun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqova verildi. Ə.Sadıqov ona göstərilən etimada görə AMEA rəhbərliyinə minnətdarlığını bildirdi. O qeyd etdi ki, hazırda AMEA-da islahatlar aktiv fazaya daxil olub və onları həyata keçirmək üçün ilk növbədə elmi müəssisələrdə idarəetmənin təkmilləşdirilməsi qərara alınıb. İSİ-də aparılan nəzəri və praktiki əhəmiyyətə malik tədqiqat işlərindən danışan, İSİ-yə rəhbərlik etməyin çox məsuliyyətli iş olduğunu vurğulayan Ə.Sadıqov, akademik Əli Abbasovun bu instituta baş direktor təyin olunmasının olduqca uğurlu qərar olduğunu qeyd etdi. O, akademik Əli Abbasovu yaxından tanıdığını, onun nəcib insani keyfiyyətlərinə yaxşı bələd olduğunu və onunla bərabər İSİ-nin qarşısında duran vəzifələrin yerinə yetirilməsində var qüvvəsi ilə çalışacağını ifadə etdi.