İnkubator və Texnologiya Transferi Mərkəzinin açılışı olub
03.02.2021 / XəbərlərFevralın 2-də AMEA-nın Yüksək Texnologiyalar Parkında “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib. Tədbirdə AMEA İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov da iştirak edib. Təqdimat mərasimində çıxış edən Ə.Sadıqov YT Parkının və Texnologiya Transferi Mərkəzinin gənc alim və mütəxəssislərin fəaliyyəti üçün yaxşı məkan olduğunu qeyd etmişdir və gəncləri onlar üçün burada yaradılmış şəraitdən maksimum istifadə etməyə çağırmışdır. O, tədbirin Gənclər günündə keçirilməsinin və iştirakçıların da əsasən gənclərdən ibarət olmasının təqdirəlayiq hal olduğunu bildirmişdir.
İdarəetmə Sistemləri İnstitutunun YT Parkı və Texnologiya Transferi Mərkəzi ilə əməkdaşlıq perspektivlərindən danışan natiq İSİ-də yaradılmış bir sıra nəzarət-ölçü cihazlarının sınaq nümunələrinin bu mərkəzdə hazırlana biləcəyini diqqətə çatdırmışdır. O, həmçinin YT Parkın beynəlxalq əlaqələrinin genişlədirilməsinin vacibliyini vurğulamışdır.