İdarəetmə Sistemləri İnstitutunda nitqin tanınması sistemləri işlənib
21.02.2021 / XəbərlərSüni intellekt (Sİ) texnologiyaları və metodlarına əsaslanan sistemlər insan intellektinin müxtəlif funksiyalarının reallaşdırmasına, praktiki əhəmiyyətli çətin formalizə olunan mürəkkəb məsələlərin kompüter sistemlərində həllinə imkan yaradaraq, nəticədə ciddi iqtisadi səmərəliliyin əldə olunmasına səbəb olur və tətbiq dairəsini günbəgün artırır. Bu texnologiyalar təsvirlərin identifikasiyası, mətnlərin anlanılması, nitqin tanınması, iqtisadiyyat, təbabət, kriminalistika, jurnalistika və s. sahələrdə kütləvi tətbiqini tapmışdır.
Təbii dillərin emalı süni intellektin tətbiqi istiqamətinin bir qolu olub, hər hansı bir təbii dilin kompüter vasitəsilə analizi və sintezini öyrənir. Nitq insanlar arasında ünsiyyətin ən təbii formasıdır və hazırda insan-maşın qarşılıqlı əlaqəsində də getdikcə geniş rol oynamağa başlayır. Nitqin tanınması insan danışığının avtomatik olaraq kompüter proqramları vasitəsilə mətnə çevrilməsi və analizidir. 1960-ci illərdən inkişaf edən bu sahədə son zamanlar yüksək nəticələr əldə olunmuşdur.
Bu prosesə Azərbaycan elmi də öz töhvələrini verməkdədir. Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun (İSİ) alimləri süni intellektin əsas elementlərindən biri olan nitqin tanınması (insan nitqinin mətnə çevrilməsi və emalı) sistemlərinin yaradılması sahəsində aparılan tədqiqat işləri nəticəsində rəqabətə davamlı, tətbiqi sistemlərin yaradılmasına nail olmuşdular . Tədqiqat işləri və nəticələrin kommersialaşdırılması institutda özəl şirkətin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilmişdir.
Rəhbəri dosent Əbülfət Fətullayev, elmi konsultantı isə akademik Əli Abbasov olan bu tədqiqat işi nəticələrinə əsasən bir sıra avropa dilləri (alman, türk, ingilis, ispan, italyan, fransız) və azərbaycan dili üçün maşın öyrənməsi və dərin öyrənmə (Machine Learning, Deep learning) metodları vasitəsilə nitqin tanınması sistemlərinin (NTS) neyron şəbəkə modelləri və alqoritmləri işlənib hazırlanmışdır. NTS normal işini təmin etmək üçün akustik, linqvisitik və digər informasiya bazalarının yaradılması və emalı istiqamətində Böyük Verilənlər (Big Data) və paylanmış hesablama texnologiyalarından geniş istifadə edilmişdir. Qeyd etmək lazımdır ki, informasiya bazaları tamamilə avtomatlaşdırılmış qaydada, terabaytlarla informasiyanın internet resurslarından istifadə edilməsilə avtomatik seçilərək yaradılmışdır.
Tədqiqat işi nəticəsində alınmış neyron şəbəkə modellərinin böyük sayda parametrlərdən ibarət olmasına baxmayaraq, modellərin istifadəsi zamanı alimlər paralel alqoritmlər, matris dekompozisiyası və digər üsullar vasitəsilə hesablamaların kifayət qədər yüksək sürətlə aparılmasını təmin etmişdilər. Sistemin ingilis, alman, türk və azərbaycan dilləri variantları yaradılmış və internet üzərindən online istifadəyə verilmişdir.
Bu gün NTS istifadə edərək bir çox sahələrın inkişafı təmin edilə bilər. Beləliklə, humanitar elmlərin bir sıra məsələlərini, o cümlədən linqvistikada mətnlərin avtomatik təhlili, maşın tərcüməsi, lüğətlərin tərtibi kimi tədqiqatları proqramlaşdırmaq və həll etmək üçün tətbiq olunur. NTS tətbiq edərək biznesin idarə olunmasında, telefon çağırış mərkəzlərində müştərilərlə ünsiyyəti avtomatlaşdıraraq operatorlar və telefon xətlərinin yüklənməsinin azaldılması, zənglərin avtomatik olaraq analiz edilə bilməsi, marketinq araşdırmalarının aparılması, məlumatların bazalara daxil edilməsi və s. istiqamətlərdə tətbiq oluna bilər. Bundan başqa NTS həmçinin səsli interfeysin yaradılmasında (“ağıllı ev”, məişət texnikası, avtomobillərin naviqasiyası və s.) geniş istifadə oluna bilər. NTS elektron dövlət portallarında tətbiqi nəticəsində səsli naviqasiya, səsli axtarış, məlumatların səsli daxil edilməsi, istifadəçinin biometrik autentifikasiyasına imkan yarada bilər.
Geniş istifadə olunan Distant Təhsil sistemində NTS tətbiq edərək tələbələrin şəxsiyyətinin təsdiq edilməsi, xüsusən imtahan zamanı onların autentifikasıyasına şərait yarada bilər. Bu texnologiyalardan istifadə etməklə əlillərin ehtiyyaclarını ödəyən xüsusi servislər yaradaraq onların təhsil almasına, zəruri informasiya və peşəkar biliklər əldə etmələrinə, nəticədə sosial və əmək fəaliyyəti ilə aktiv məşqul olmalarına nail olmaq mümkündür.
Qeyd etmək lazımdır ki, informasiya texnologiyalarının yaxın illərdə inkişaf proqnozlarına görə nitqin tanınması texnologiyası və onun müxtəlif tətbiqləri üzrə (nitqin analizi, media monitorinq, virtual asistant, diktorun identifikasiyası və s.) dünya bazarının illik həcmi 25 milyard USD həcmində qiymətləndirilir.
Elmin ən müasir və prestijli sahələrindən biri və, bəlkə də birincisi olan süni intellektin yaradılması sahəsində elmi tədqiqat işlərinin genişləndirilməsi, hərtərəfli tətbiqi ölkəmizin innovativ iqtisadi inkişafına müsbət təsir göstərəcəkdir.