AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi keçirilmişdir
12.06.2021 / Xəbərlər10 iyun 2021-ci il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda II kurs magistrantların 060509– “Kompüter elmləri” və 060628 – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə Magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış Elmi şuranın iclası keçirilmişdir. İclas Zoom platforması üzərindən online formada keçirilmişdir. İclasda Şura üzvləri ilə yanaşı, İnstitutun baş direktoru, akademik Əli Abbasov, elmi katibi Zəhra Əzizova, Gənc alim və mütəxəssislər şurasının sədri dos. Rəşad Məstəliyev, İnstitutun şöbə və laboratoriyalarının müdirləri və əməkdaşları, həmçinin AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri v.i.e., f.ü.f.d. Qafil Dəmirov iştirak edirdilər.
Şuranın sədri, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iclası açıq elan edərək, bu günün İnstitutun həyatında mühüm bir gün olduğunu qeyd etdi. O, AMEA-nın magistraturasında tələbələrin inkişafı üçün yaradılmış elmi-tədris bazasının əhəmiyyətini vurğulayaraq İnstitutda magistratura təhsili haqqında ümumi məlumat verdikdən sonra, iclas iştirakçılarını İxtisaslaşdırılmış elmi şuranın 11 nəfərdən ibarət tərkibi ilə tanış etdi və onların hamısının iclasda iştirak etdiyini bildirdi. Daha sonra İnstitutun baş direktoru, akademik Əli Abbasov çıxış edərək magistrantlara təcrübəli və tanınmış alimlərin rəhbər təyin edildiyini, dissertasiya işlərinin aktual mövzularda seçildiyini xüsusi qeyd etdi. O, iki illik tədrisin ən məsuliyyətli mərhələsi olan müdafiə prosesində bütün magistrantlara uğurlar arzu edərək, onların gələcək fəaliyyətlərinə də daim lazımi dəstəyin göstəriləcəyini bildirdi.
Şuranın sədri, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov reqlament, müdafiə prosesinin gedişatı və qiymətləndirmə haqqında ətraflı məlumat verdikdən sonra magistrantlar çıxış etməyə başladılar.
“Kompüter elmləri” ixtisası üzrə 5 magistrant – Gülşad Əliyeva t.e.d., prof Ramin Rzayevin rəhbərliyi ilə “Bir sıra tətbiqi məsələlərin həlli sahəsində ekspert biliklərinin kompilyasiyası məqsədi ilə neyro-fuzzy platformasının işlənilməsi”, Pünar Quliyeva AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin rəhbərliyi ilə “Ekspert verilənləri əsasında müxtəlif növ mənsubiyyət funksiyalarının qurulması və analizi üçün alqoritmlərin və proqram təminatının işlənilməsi”, Aytac Mustafazadə r.ü.f.d., dos. Gülçin Abdullayevanın rəhbərliyi ilə “Çoxparametrli məsələlər üçün multiagent sistemində reaktiv agentin işləmə alqoritminin araşdırılması”, Bəyaz Əhmədova r.e.d., prof. Knyaz Məmmədovun rəhbərliyi ilə “Çanta məsələlərində qızıl bölmə prinsipi ilə zəmanətli suboptimal həllərin tapılması üsullarının işlənilməsi”, Gülşən Fərəcova r.ü.f.d., dos. Ədalət Paşayevin rəhbərliyi ilə “Dəyişən şərtlərə uyğun olaraq optimal həllin dəqiqləşdirilməsi alqoritmlərinin işlənilməsi”; “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 2 magistrant – Leyla Nəsirli t.e.d., dos. Asif Rzayevin rəhbərliyi ilə “Neft quyularının hasilatına distansiyon nəzarət sisteminin radio rabitə vasitəsi ilə informasiya mübadiləsi alqoritmlərinin və proqram təminatının işlənilməsi”, Elşən Tağıyev t.e.d., dos. Fəhrad Paşayevin rəhbərliyi ilə “Neftçıxarma obyektlərinin nəzarət və idarəetmə sistemlərində verilənlərin kontrollerlər vasitəsilə məsafədən mübadiləsi üçün alqoritmlərin və proqram vasitələrinin işlənilməsi” mövzularında yerinə yetirdikləri magistrlik dissertasiya işlərini təqdimatlar vasitəsi ilə iclas iştirakçılarının diqqətinə çatdırdılar.
Magistrantların təqdimatlarından sonra iclas iştirakçıları tərəfindən hər bir iş üzrə iddiaçılara suallar verildi. Şuranın elmi katibi r.ü.f.d. Sevinc Quliyevarəsmi rəyçilərin rəylərini oxudu və geniş müzakirələr aparılaraq iddiaçıların dissertasiya işlərinin aktuallığı, onların təqdimat və tədqiqatçılıq bacarıqları təhlil olundu, tövsiyə və təkliflər səsləndirildi.
Daha sonra müdafiə olunan dissertasiya işləri Şura üzvləri tərəfindən müəyyən olunmuş meyarlara əsasən qiymətləndirildi. Yekunda magistrlik dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış Elmi şura qiymətləndirmənin nəticələri əsasında açıq səsvermə keçirərək magistrantların hər birinə magistr elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul etdi.