İSİ əməkdaşı Parisdə tərs məsələlər üzrə Yay məktəbində iştirak etmişdir
28.08.2015 / Mühüm xəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar 2015-ci il avqust ayının 24-dən 28-nə kimi Fransanın Paris şəhərindəki Politexnik Məktəbində (Ecole Polytechnique) təşkil olunmuş "Tərs Məsələlər üzrə Fransız-Alman Yay Məktəbi”ndə (http://www.math.uni-bremen.de/zetem/ip-school2015) iştirak etmişdir.
Yay məktəbi zamana görə harmonik və zamandan asılı dalğalar üçün tərs məsələlərin analitik və ədədi həll üsullarının öyrənilməsinə həsr olunmuşdur. Əsasən doktorantlar, post-doktorantlar və gənc tədqiqatçılar üçün təşkil olunmuş yay məktəbinə müxtəlif ölkələrdən 50 iştirakçı qatılmışdır. Yay məktəbi müddətində tərs məsələlərə aid 8 mini-kurs təşkil olunmuşdur. Mini-kurslarda tərs məsələlər sahəsində tanınmış alimlər - prof. Andreas Kirş (Karlsruh Texnologiya Universiteti, Almaniya - Karlsruhe Institute of Technology), prof. Maitin Berqunyu (Orlean Universiteti, Fransa - Université d’Orléans), prof. Fioralba Kakoni (Delavare Universiteti, ABŞ - University of Delaware), prof. Patrik Coli (Ensta Paristek, Fransa - Ensta Paristech), prof. Joslan Qarnie (Paris Diderot Universiteti, Fransa), prof. Otmar Şerzer (Vyana Universiteti, Avstriya - University of Vienna), prof. Krisola Tsoka (Kret Universiteti, Yunanıstan - University of Crete) və dr. Loran Burjuanın (Ensta Paristek, Fransa - Ensta Paristech) silsilə mühazirələri dinlənilmişdir. Mühazirələr dalğa yayılması üçün tərs məsələlər çərçivəsində periodik, təsadüfi və hibrid mühitdə tərs məsələlər, məxsusi qiymətlərin daxili ötürülməsi və zamana nəzərən harmonik səpilmə tərs məsələləri mövzularını əhatə etmişdir.
Müsabiqə nəticəsində seçilmiş məhdud sayda iştirakçının, o cümlədən A. Rəhimovun yay məktəbində iştirakı Təşkilat Komitəsinin maliyyə dəstəyi hesabına baş tutmuşdur.
Tərs məsələlər üzrə Fransız-Alman Yay məktəbi iki ildən bir keçirilir. Növbəti yay məktəbinin 2017-ci ildə Bremen Universitetində (Bremen şəhəri, Almaniya) keçirilməsi nəzərdə tutulur.
Müsabiqə nəticəsində seçilmiş məhdud sayda iştirakçının, o cümlədən A. Rəhimovun yay məktəbində iştirakı Təşkilat Komitəsinin maliyyə dəstəyi hesabına baş tutmuşdur.
Tərs məsələlər üzrə Fransız-Alman Yay məktəbi iki ildən bir keçirilir. Növbəti yay məktəbinin 2017-ci ildə Bremen Universitetində (Bremen şəhəri, Almaniya) keçirilməsi nəzərdə tutulur.