AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Avstriyada Beynəlxalq konfransda iştirak etmişdir
25.11.2016 / Mühüm xəbərlər21-25 noyabr 2016-cı il tarixlərində Avstriyanın Linz şəhərində Avstriya Eləmlər Akademiyasının Yohan Radon adına Hesablama və Tətbiqi Riyaziyyat İnstitutu tərəfindən təşkil olunan "Elmdə və mühəndislikdə hesablama üsulları” adlı xüsusi semestr çərçivəsində "Optimal idarəetmə və əlaqəli sahələrdə Hamilton-Yakobi tənlikləri üçün ədədi üsullar” mövzusunda Beynəlxalq konfrans keçirilib ("Numerical methods for Hamilton-Jacobi equations in optimal control and related fields”). Beynəlxalq konfransda AMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar iştirak edib.
Konfrans optimal idarəetmə və əlaqəli sahələrdə tətbiqi xüsusi qeyd olunmaqla Hamilton-Yakobi tənlikləri üçün ədədi üsulların işlənməsinə həsr olunmuşdur. Konfransın əsas mövzuları determinik və stoxastik optimal idarəetmə, birinci və ikinci tərtib Hamilton-Yakobi tənlikləri, optiml idarəetmə üçün variasiya üsulları və ədədi analiz idi. Konfransın məqsədi determik və stoxastik optimal idarəetmə, optiml idarəetmə və tərs məsələlərdə, optiml idarəetmə və tərs məsələlər üçün variasiya üsulları sahəsindən olan tədqiqatçıları bir araya gətirib, bu sahələrdə onlar arasında qarşılıqlı əlaqələrinin dərinləşməsinə şərait yaratmaq idi.
Konfransda dünyada tanınmış alimlərdən olan Maurizio Falkone, Roberto Ferretti (İtaliya), Nikolay Botkin, Roland Herzoq (Almaniya), Karl Kuniş (Avstriya), Vey Kanq, Xiaobinq Fenq (ABŞ), Hasna Zidani, Olivie Bokanovski (Fransa), İan Mitçel (Kanada) və başqaları maraqlı məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, Rəhimov A. hal-hazırda "AMEA-nın gənc alim və mütəxəssislərinin Avropanın elm mərkəzlərində doktorantura təhsili və elmi-tədqiqat işləri aparması” proqramı çərçivəsində Fransanın Marsel şəhərində Eks-Marsel Universiteti və Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) nəzdindəki Frenel Elmi-Tədqiqat İnstitutunda tərs məsələlərin ədədi həlli istiqamətində elmi-tədqiqat işləri aparır.