Brüsseldə Rəqəmsal Cəmiyyət üzrə Nazirlər Müşavirəsi keçirilmişdir
18.10.2016 / Mühüm xəbərlərRabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti tərkibində AMEA İSİ "Xarici əlaqələr və innovasiyalar” şöbəsinin müdiri, HDM təşəbbüsləri üzrə əlaqələndirici şəxs Tofiq Babayev 2016-cü il oktyabrın 18-də Brüsseldə (Belçika) keçirilən Rəqəmsal Birlik üzrə Nazirlər Müşavirəsində iştirak etmişdirr.
Rəqəmsal iqtisadiyyat və cəmiyyət məsələləri üzrə AB komissarı Günter Ettinger, qonşuluq siyasəti və genişlənmə üzrə Aİ komissarı Yohannes Han və Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Slovakiyanın rəqəmsal iqtisadiyyat üzrə məsul nazirlər rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə etmişlər. Müşavirədə həmçinin tərəfdaş ölkələrin özəl sektor və vətəndaş cəmiyyətləri nümayəndələri, beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak etmişlər.
Gündəlikdəki əsas məsələ Avropa komissiyası tərəfindən birgə razılaşdırılmış prioritet istiqamətlər üzərində işləyəcək regional EU4DİGİTAL şəbəkələrinin təqdim edilməsi idi: telekommunikasiya qaydaları, İKT, tədqiqat və innovasiya, rəqəmli savadlılıq, kibertəhlükəsizlik və elektron ticarət və elektron identifikasiya (eıdas), etimad xidmətləri, o cümlədən elektron kommersiya, elektron gömrük və elektron logistika. Bu şəbəkə platformaları Aİ və Şərq Tərəfdaşlığı ölkələri arasında ən yüksək nəticələr və təcrübə mübadiləsi üçün qarşılıqlı əlaqələrin inkişafı və birgə layihələrin işlənməsi işinə xidmət edəcəkdir.
EU4DİGİTAL şəbəkələrinin fəaliyyətinin növbəti addımı müvafiq tematik sahələrdə biznesin rəqabət qabiliyyətinin və vətəndaşların güzəranının yaxşılaşdırılması üçün konkret və mümkün olan nəticələrin araşdırılmasına yönəlmiş 2017-2019-ci illər üçün əməkdaşlıq planlarının hazırlanması olacaq. İlkin nəticələr və hazırlanmış planlar 2017-ci ilin yayın əvvəlində keçirilməsi planlaşdırılan Şərq Tərəfdaşlığı ölkələrinin Rəqəmsal iqtisadiyyat üzrə İkinci Nazirlər Müşavirəsində təqdim olunmalıdır.