“EcoMod Network” şirkətinin prezidenti Əli Bayar ilə görüş
05.09.2013 / Xəbərlər5 sentyabr 2013-cü il tarixdə "İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin beyin mərkəzinin I Bakı Forumu” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev "EcoMod Network” (Global Economic Modeling Network) şirkətinin prezidenti, professor Əli Bayar ilə görüşmüşdür. Görüş zamanı vergi siyasətinin simulyasiya və proqnozlaşdırılması modelləri sisteminin hazırlanması barədə müzakirələr aparılmışdır. Bu modellər sistemi bir tərəfdən həyata keçirilən vergi siyasətinin səmərəliliyinin təmin edilməsində, digər tərəfdən isə iqtisadi inkişaf prosesində baş verən dəyişikliklərə uyğun olaraq vergi potensialının müəyyən edilməsində əhəmiyyətli rol oynayacaqdır.
Görüş zamanı qeyd olundu ki, vergi siyasətinin simulyasiya və proqnozlaşdırılması modelləri bir çox ölkələrdə (Sinqapur, Makedoniya və s.) müvəffəqiyyətlə tətbiq olunur.
Görüşdə, həmçinin, "EcoMod Network” şirkəti ilə gələcək əməkdaşlıq istiqamətləri, vergi potensialının düzgün qiymətləndirmək məqsədilə analitik təhlillərin aparılması məsələləri müzakrə olunmuşdur.
Qeyd edək ki, "EcoMod” Modelləşdirmə şirkəti əsasən beynəlxalq təşkilatlar, dövlət orqanları, mərkəzi banklar və bir neçə nəhəng şirkətlər də daxil olmaqla, dünyanın 100-dən çox ölkəsində məsləhət və təlim xidmətləri göstərən şirkətdir. O, Avropada, ABŞ-da və Asiyada mütəmadi on-layn və yerində təlim proqramları vasitəsilə intensiv iqtisadi modelləşdirmə sahəsində ən böyük məktəbdir.