Beynəlxalq İnvestisiya Arktik Sammitində iştirak
27.02.2014 / Xəbərlər27 fevral 2014-cü il tarixində Moskva şəhərində "Şimali dəniz yolu. Arktik regionun infrastrukturu və nəqliyyat-informasiya sistemi” mövzusunda Beynəlxalq İnvestisiya Arktik Sammiti keçirilmişdir.
Sammitin keçirilməsində əsas məqsəd Arktik Şura ölkə rəhbərlərinin, nəzarətedici ölkələrin, maliyyə-sənaye sektorunun top-menecmentinin iştirakı ilə arktik region məsələlərinin həlli, elm və biznesin inteqrasiyası, ideyalar bankı və praktiki tətbiq etmək üçün elmi layihələrin hazırlanması məqsədilə dayanıqlı beynəlxalq platformanın yaradılmasıdır. Sözügedən tədbirdə Azərbaycanı AMEA Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev təmsil etmişdir.
Arktik İctimai Elmlər Akademiyasının dəstəyi ilə keçirilən sammit çərçivəsində təşkil olunan "Şimalda həyat fəaliyyətinin təmin olunmasının innovativ texnologiyaları” mövzusunda "dəyirmi masa”da T.Əliyev "Texniki obyektlərin qəza vəziyyətinə keçidinin gizli dövrünün "noise” texnologiyaları və monitorinq sistemləri” mövzusunda məruzə ilə çıxış etmişdir.