“Azərbaycan-İspaniya əlaqələri: Gələcək inkişafa elmi baxış”
30.05.2014 / Xəbərlər30.05.2014-cü ildə AMEA Rəyasət Heyətində İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyası ilə birgə "Azərbaycan-İspaniya əlaqələri: Gələcək inkişafa elmi baxış” mövzusunda simpozium keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan və İspaniya tədqiqatçıları arasında əməkdaşlığın gücləndirilməsi, o cümlədən kadr hazırlığı siyasətində səylərin birləşdirilməsi istiqamətində simpoziumun böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Bildirdi ki, bu gün keçirilən tədbir Azərbaycan alimlərinin ispaniyalı həmkarları ilə əməkdaşlıq əlaqələrinin inkişafına töhfə vermək məqsədi daşıyır: "Qloballaşan dünyada elmi əlaqələrin qurulması baxımından İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Akademiyası nümayəndələrinin Bakıda səfərdə olması olduqca sevindiricidir. XVIII əsrdən fəaliyyət göstərən İspaniyanın İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyası dünya elminə böyük töhfələr verib. Bu akademiyanın 10-a yaxın Nobel mükafatçısı var. Akademiyanın 6 azərbaycanlı üzvündən biri tanınmış rəssam Tahir Salahov, biri isə İdarəetmə Sistemləri institutunun laboratoriya müdiri, i.e.d, professor Qorxmaz İmanovdur.”
Sonra İspaniyanın İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyasının prezidenti, Dr. Jaime Gil Aluja çıxış etdi. Görüşün əhəmiyyətini önə çəkən alim müvafiq elmi sahələrdə birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, kadr və təcrübə mübadiləsinin aparılması hər iki qurumun gələcək fəaliyyətinin daha səmərərli təşkilində mühüm rol oynayacaq.
Tədbir çərçivəsində iki akademiya arasında ictimai, təbiət və dəqiq elmlər, eləcə də mühəndislik elmləri üzrə araşdırmaların daha da genişləndirilməsinə dair memorandum imzalandı.
Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA İdarəetmə Sistemləri İnstitutunun professoru Qorxmaz İmanov, İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun və İspaniyanın Kral Akademiyasının alimləri məruzələrlə çıxış etdilər.
Tədbirin sonunda Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiya təşkil olundu.