Alimlərimiz Malayziyada kursda iştirak etmişlər
21.06.2014 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun iki əməkdaşı, aparıcı elmi işçilər - dos. Rəhimov Anar və dos. Rüstəmov Samir 2014-cü il iyun ayının 8-dən 21-nə kimi Malayziyanın Kuala-Lumpur (Şah Alam) şəhərində keçirilən Malayziya Hökumətinin və SIRIM Berhard Dövlət Şirkətinin təşkil etdiyi Malayziya Texniki Əməkdaşlıq Proqramı (MTƏP) çərçivəsində ixtisasartırma kurslarında iştirak etmişlər. Rəhimov A. İntellektual Sistemlər (Intelligence Systems), Rustəmov S. isə Radiotezliklərin Tanınması (Radio Frequency Identification) kursunda iştirak etmişdir.
İntellektual Sistemlər kursu SIRIM Robokit (Robototexnika və inteqrə olumuş sistemlər, mikroprosessorlar və onların proqramlaşdırılması, robototexnikanın tətbiqi və s.), Solaerator (yaşıl texnologiya (Green Technology), Günəş enerjisindən istifadə (Solar System), sensorlar, onların dizaynı və tətbiqi), İstehsal olunmuş məhsulların satıçı üçün korporativ internet saytlarının yaradılması və s. kimi mövzuları əhatə edirdi.
Radiotezliklərin Tanınması (RTT) kursunda isə RTT texnologiyasına giriş, onun fiziki elementləri, tətbiqi və s. kimi mövzulardan bəhs olunurdu.
MTƏP proqramı çərçivəsində kursda 32 ölkədən 45 iştirakçı iştirak etmişdir. Rəhimov A. və Rüstəmov S. kursu müfəvvəqiyyətlə başa vuraraq, sertifikatla təltif olunmuşlar.
Bundan əlavə alimlərimiz ölkənin təqdimatı (Country Paper Presentation) bölməsində SIRIM Berhard şirkətinin əməkdaşları və 32 ölkədan olan iştirakçılar qarşısında təqdimatla çıxış edərək, Respublikanın tanıdılması və təbliği məqsədilə ölkəmizin nailiyyətləri, Dağlıq Qarabağ münaqişəsi və Xoçalı soyqırımı haqqında, İdarəetmə Sistemləri İnstitutunda əldə olunan nəticələrlə bağlı iştirakçılara geniş məlumat vermişlər. Təqdimat tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanmış, ölkəmizə maraq artmışdır.
SIRIM Berhard şirkəti ilə İdarəetmə Sistemləri İnstititu arasında gələcək əməkdaşlıq barədə müxtəlif səlahiyyətli şəxslərlə fikir mübadiləsi aparılmışdır.