Azərbaycan gənc alimlərinin birinci qurultayı keçirildi
15.12.2017 / Xəbərlər Dekabrın 15-də AMEA-nın Əsas binasında bu qurumun, Təhsil, Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Azərbaycan gənc alimlərinin birinci qurultayı işə başlayıb.
Qurultayın açılış mərasimindən əvvəl Azərbaycan gənc alimlərinin son illər əldə etdiyi nailiyyətlərdən ibarət sərgiyə baxış olub. Sərgini ziyarət edənlərə AMEA-nın institut və təşkilatları, regional elmi bölmə və mərkəzləri üçün ayrılmış guşələrdə gənc alimlərin tədqiqatları, həyata keçirdikləri innovativ layihələr və əldə etdikləri elmi nəticələr barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan qurultayın əhəmiyyətindən danışıb. Çıxışının sonunda qurultay iştirakçılarını təbrik edən akademik Akif Əlizadə gənc alimlərə elmi fəaliyyətlərində uğurlar arzulayıb. Ölkə Prezidenti cənab İlham Əliyevə gənclərə göstərdiyi xüsusi diqqət və qayğıya görə bütün Qurultay iştirakçıları adından dərin minnətdarlığını bildirib.
Qurultayda Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və digərlərinin çıxışları dinlənilib.
Qurultayın mandat komissiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev science.az portalında yaradılmış qurultay nümayəndələrinin qeydiyyatı üzrə analitik informasiya sisteminə əsasən mandat komissiyasının məlumatlarını təqdim edib və qurultayın səlahiyyətli olduğunu nəzərə çatdırıb.
Daha sonra Azərbaycan gənc alimlərinin birinci qurultayının bəyannaməsi qəbul olunub.
Sonda qurultay iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciətini AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Eşqanə Babayeva səsləndirib.
AMEA İdarəetmə Sistemləri İnstitutunun dissertantı Hidayətzadə Səyyarə, laborant Cəbiyeva Şəms, magistrlar Alışova Nigar və Nəcəfova Lamiyə də institutun nümayəndələri olaraq qurultayda iştirak etmişdirlər.