AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Tokio Universitetində çıxış edib
18.12.2017 / XəbərlərAMEA İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəhimov Anar Tokyo Universitetinin professoru Masahiro Yamamotonun dəvətilə 2017-ci il dekabr ayının 11-dən 18-nə kimi Tokio Universitetində elmi ezamiyyətdə olmuşdur. Dəvətin məqsədi Tokio Universitetinin nəzdindəki Riyazi Elmlər Ali Məktəbi ilə tanış olmaq, elmi əlaqələri genişləndirmək və elmi seminarda məruzə etmək olmuşdur. A. Rəhimov elmi seminarda “Qeyri-lokal şərtlərlə verilmiş tərs mənbə məsələlərinin ədədi həllinə bir yanaşma” mövzusunda məruzə ilə çıxış etmişdir. Bu barədə məlumat və məruzənin qısa məzmunu Tokyo Universitetinin rəsmi saytında yerləşdirilb: www.ms.u-tokyo.ac.jp/seminar/2017/sem17-241_e.html
Məruzə qeyri-lokal şərtli parabolik tənliklə təsvir olunan tərs mənbə məsələlərinin ədədi həll üsullarının işlənməsinə həsr olunub. Alınmış yeni nəticələr, onların effektivliyi test məsələlər üzərində nümayiş etdirilib.
Seminarda Tokio Universitetinin alimlərindən başqa, həmçinin yapon əsilli, tanınmış alim, hal-hazirda ABŞ-in Şimali Korolina Dövlət Universitetinin professoru İto Kazufumi da iştirak edib, alınan nəticələri yüksək qiymətləndirib.
Azərbaycan alimi bu mövzu istiqamətində tərs məsələ qrupunun üzvləri ilə müzakirələr aparıb, gələcəkdə birgə əməkdaşlıq etmək barədə razılıq əldə olunub.
Seminar iştirakçılarının Azərbaycana marağını nəzərə alaraq, A. Rəhimov elmi məruzədən əvvəl iştirakçılar qarşısında təqdimatla (Country Paper Presentation) çıxış edərək, Respublikanın tanıdılması və təbliği məqsədilə ölkəmiz və onun nailiyyətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, İdarəetmə Sistemləri İnstitutunda əldə olunan nəticələrlə bağlı iştirakçılara məlumat verib.
A. Rəhimov ezamiyyət zamanı Riyazi Elmlər Ali Məktəbinin zəngin kitabxanası ilə tanış olub, digər seminarlarda da yaxından iştirak edib.