Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçirildi
25.09.2018 / XəbərlərNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT- nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə 24-25 sentyabr 2018-ci il tarixində Bakıda Elektron Ticarət Forumu keçirildi. AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Xarici əlaqələr və innovasiya söbəsinin müdiri, HORİZON 2020 proqramının Hüquqi və Maliyyə aspektləri üzrə Milli təmsilçisi (Legal&Financial NCP HORIZON 2020), Azərbaycanda HDM üzrə ekspert Tofiq Babayev Bakı E-ticarət Forumun təşkilat komitəsinə üzv seçilmişdir.
“Bakı E-ticarət Forumu 2018” adlanan beynəlxalq tədbirdə 300-dən artıq yerli və xarici nümayəndənin iştirak ediblər.
İlk dəfə Azərbaycanda elektron ticarət, elektron ödəniş və logistika xidmətlərini həyata keçirən kiçik və orta sahibkarları, startapları, həmçinin, bu sahənin müxtəlif aspektlərinin inkişafı ilə məşğul olan dövlət orqanlarını və beynəlxalq inkişaf agentliklərini bir araya gətirən forum Azərbaycanda elektron ticarətin inkişafına təkan vermək məqsədi daşıyır.
Forum çərçivəsində elektron ticarətin inkişafı üçün BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı tərəfindən müəyyən edilmiş 7 əsas istiqamət üzrə müxtəlif sessiyalar təşkil olundu. Sessiyalarda Avropa İttifaqı, Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Ticarət Mərkəzi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı və digər beynəlxalq təşkilatların nümayəndələri və elektron ticarətin inkişafı üzrə tanınmış beynəlxalq ekspertlər çıxış ediblər.
Tədbir çərçivəsində e-ticarətlə məşğul olan yerli startapların sərgisi də təşkil olundu.