Magistr dissertasiyalarının müdafiəsi keçirildi
11.06.2019 / Xəbərlər11 iyun 2019-cu il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda təhsil alan II kurs magistrantların magistrlik dissertasiyalarının müdafiəsi üçün təşkil olunmuş ixtisaslaşdırılmış Müdafiə Şurasının iclası keçirildi. İclasda İnstitutun “Kompüter elmləri” ixtisasının 4 ixtisaslaşması üzrə təhsil alan 4 magistrantı magistrlik dissertasiya işlərini təqdim etdilər.
“İnformasiya sistemləri” ixtisaslaşması üzrə magistrant Yadigar Arif oğlu Əliyev riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Ədalət Bəxtiyar oğlu Paşayevin rəhbərliyi ilə “Wi-Fi texnologiyaları əsasında şifrlənmiş korporativ informasiya mübadiləsinin alqoritm və proqram vasitələrinin işlənilməsi”, “İntellektual sistemlər” ixtisaslaşması üzrə magistrant Zümrüd İmran qızı Məlikzadə riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Gülçin Gülhüseyn qızı Abdullayevanın rəhbərliyi ilə “Neft quyularının avadanlıqlarının texniki vəziyyətinin diaqnostikası üçün neyron şəbəkənin işlənilməsi”, “İdarəetmənin informasiya texnologiyaları” ixtisaslaşması üzrə magistrant İlyas Elşad oğlu Fətəliyev texnika elmləri doktoru, professor Nailə Fuad qızı Musayevanın rəhbərliyi ilə “İstehsalatda məhsulun keyfiyyətini artırmağa imkan verən intellektual online nəzarət və diaqnostika sisteminin alqoritm və proqram vasitələrinin işlənilməsi” və “Kompüterli modelləşdirmə” ixtisaslaşması üzrə magistrant Vüsalə Cahid qızı Babayeva riyaziyyat elmləri doktoru, professor Knyaz Şiraslan oğlu Məmmədovun rəhbərliyi ilə “Tamədədli proqramlaşdırma məsələsinin təqribi həll üsulları, xətanın qiymətləndirilməsi və eksperimental analiz” mövzularında magistrlik dissertasiya işlərini təqdim etdilər.
Dissertasiya işləri təqdim edildikdən sonra müzakirələr aparıldı, Şura üzvləri çıxış edərək öz sual, təklif və tövsiyələrini səsləndirdilər. Dissertasiya işlərinin müzakirəsindən sonra açıq səsvermə keçirildi, hər bir iş üzrə qiymətləndirmə aparıldı. Qiymətləndirmənin nəticələrinə əsasən Yadigar Arif oğlu Əliyev, Zümrüd İmran qızı Məlikzadə, İlyas Elşad oğlu Fətəliyev və Vüsalə Cahid qızı Babayevaya magistr elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul olundu.