Doktoranturaya qəbul, xaricdə təhsil və beynəlxalq ikili diplom proqramları ilə bağlı maarifləndirici seminar keçirilib
29.11.2019 / XəbərlərNoyabrın 29-da AMEA-nın Əsas binasında akademiyanın elmi müəssisə və təşkilatlarının təhsil və beynəlxalq əlaqələr şöbələrinin müdirləri üçün maarifləndirici seminar keçirilib.
Tədbir AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin və Beynəlxalq əlaqələr idarəsinin təşkilatçılığı ilə baş tutub.
Seminarı Elm və təhsil baş idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov açaraq Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 13 noyabr 2019-cu il tarixli qərarından danışıb.
F.Kazımov, o cümlədən Nazirlər Kabineti tərəfindən təsdiqlənən xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim qaydaları, onların təhsilinin, eləcə də beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi barədə qərarları diqqətə çatdırıb.
Daha sonra F.Kazımov və Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva tərəfindən doktorantura, dissertantura, xaricdə təhsil, beynəlxalq ikili diplom proqramları haqqında iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzular ətrafında müzakirələr aparılıb.
Görüşdə Elm və təhsil baş idarəsinin rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov və Doktorantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov da iştirak ediblər.
Həmçinin seminarda İdarəetmə Sistemləri İnstitunun Təhsil şöbəsinin rəhbəri r.ü.f.d. Sevinc Quliyeva və “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin elmi işçisi Valeriya Puşnova da iştirak ediblər.