Kompüter elmləri üzrə elmi şuranın ilk iclası keçirilmişdir
04.12.2019 / Xəbərlər04 dekabr 2019-cu il tarixində AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda Kompüter elmləri üzrə elmi şuranın ilk iclası keçirilmişdir.
Şuranın sədri AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iclası giriş sözü ilə açaraq şura üzvlərini gündəlikdəki məsələlərlə tanış etdi və gündəlik qəbul olundu.
Şura sədri əvvəlcə Şuranın fəaliyyət göstərməsi üçün mövcud olan normativ-hüquqi bazanı təşkil edən sənədlər haqqında məlumat verdi. O, qeyd etdi ki, Şuranın fəaliyyəti Azərbaycan Respublikasının Elm Qanunu, Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının və AMEA Rəyasət Heyətinin müvafiq qərarları, habelə elmin istiqamətləri üzrə elmi şuralar haqqında Əsasnamə ilə tənzimlənir.
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov şuranın qarşısında duran əsas vəzifələrdən, “Kömpüter elmləri” ixtisası və elm sahəsi haqqında, habelə bu sahədə ölkəmizdə və dünyada aparılan elmi tədqiqatların əsas istiqamətləri haqqında danışdı.
Çıxış üçün söz alan elmi şuranın sədr müavini, AMEA-nın müxbir üzvü Ağası Məlikov və professor Oqtay Nüsrətov kömpüter elmlərinə aid olan ixtisasların dəqiləşdirilməsinin və gələcəkdə bu sahədə aparılan tədqiqatların prioritet istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini vurğuladılar və bu məqsədilə işçi qrupunun yaradılmasını təklif etdilər.
Müzakirəyə çıxarılan növbəti məsələ doktorant və dissertantların dissertasiya mövzularına baxılması və onların təsdiqi oldu.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı akademik Telman Əliyev, AMEA-nın müxbir üzvü Vaqif İbrahimov, professor Sayəddin Cəfərov, professor Ələkbər Əliyev və dosent Ədalət Paşayev çıxış edərək öz təkliflərini bildirdilər.
Şuranın sədri AMEA-nın müxbir üzvü Əminağa Sadıqov iclasa yekun vuraraq bildirdi ki, müzakirələr zamanı səslənən bütün təkliflər nəzərə alınaraq müvafiq sənədlər hazırlanacaq və şuranın növbəti iclasında təsdiq olunacaq.