AzMİU-da HORİZON 2020 Proqramı üzrə məlumat günü keçirilib
10.12.2019 / Xəbərlər10 dekabr 2019-cu il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xarici əlaqələr şöbəsinin təşəbbüsü ilə Avropa Komissiyasının Tədqiqat və İnnovasiya HORİZON 2020 Proqramı üzrə məlumat günü keçirilib. Məlumat gününün keçirilməsinin əsas məqsədi universitetin alimlərini, gənc tədqiqatçı və doktorantlarını HORİZON 2020 Proqramı barədə məlumatlandırmaq və onları proqramda iştiraka təşviq etməkdir.
Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Abdullayeva qonaqları və tədbir iştirakçılarını salamlayıb, tədbirin mahiyyəti barədə qısa məlumat verib.
Tədbirdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, Avropa İttifaqının Horizon 2020 Proqramının Hüquq və Maliyyə Aspektləri üzrə Milli Əlaqələndirici şəxsi, EU4Digital layihəsində elektron ticarət məsələləri üzrə ekspert Tofiq Babayev layihə barədə geniş məlumat verib. AMEA-nın Beynəlxalq əlaqələr idarəsinin rəhbəri Esmira Əlirzayeva çıxış edərək gənc tədqiqatçıları proqramdan yararlanmağa səsləyib. Digər milli əlaqələndirici şəxslərdən Zaur Həsənov Mari Skladovskaya Küri təqaüd proqramı, Fərhad Yusifov informasiya və kommunikasiya proqramları sahəsindəki imkanlar, İlham Hümbətov Cost action və ERC proqramları, Rüfət Əfəndiyev isə layihələrin hazırlanması, onlara qoyulan tələblər və qiymətləndirmə kateqoriyaları barədə tədbirin iştirakçılarını məlumatlandırıb.
Sonda qonaqlar tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb, fikir mübadiləsi aparılıb.
Məlumat üçün qeyd edək ki, Horizon 2020 Avropa İttifaqının Tədqiqat və İnnovasiyanı maliyyələşdirən ən böyük proqramıdır. Proqramın büdcəsi 7 il müddətinə (2014-2020) 80 milyard avro dəyərindədir. Proqram Avropanın dünyadakı rəqabət qabiliyyətini təmin edən maliyyə vasitəsi olmaq məqsədi daşıyır. Tədqiqatı və innovasiyaları dəstəkləyən Horizon 2020 proqramı 3 istiqamətdə qruplaşdırılıb: qabaqcıl elm, sənaye liderliyi, sosial çağırışlar və bütün elm istiqamətlərini əhatə edir.
https://www.azmiu.edu.az/news/1553