“EU4Digital” layihəsi çərçivəsində Elektron Bacarıqlar Şəbəkəsinin 7-ci görüşü keçirilmişdir
18.12.2019 / Xəbərlər17-18 dekabr 2019-cu il tarixlərində Gürcüstanın Tbilisi şəhərində Avropa Komissiyasının “EU4Digital” layihəsi çərçivəsində Elektron Bacarıqlar Şəbəkəsinin 7-ci görüşü keçirilmişdir. Şərq Tərəfdaşlığı ölkələrininin və Avropa Birliyinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan nümayəndə heyəti Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”-nin müdiri Rauf Cabbarov, baş mütəxəssisi Ayaz Kərimov və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin müdiri, Aİ-nin Horizon 2020 Proqramının Hüquq və Maliyyə Aspektləri üzrə Milli Əlaqələndirici şəxsi, EU4Digital layihəsinin Azərbaycan üzrə Elektron Ticarət eksperti Tofiq Babayev də iştirak etmişdir.
EU4Digital layihəsi çərçivəsində Elektron Bacarıqlar Şəbəkəsi tərəfindən təşkil edilən seminarda Aİ-nin Şərqi Tərəfdaş ölkələrinə rəqəmsal bacarıq sahəsindəki standartları və qiymətləndirmə meyarları barədə məlumat verilmişdir, bu sahədəki müsbət təcrübə mübadiləsi və rəqəmsal bacarıq göstəricilərinin mövcud vəziyyətinin müzakirəsi keçirilmişdir.
Eyni zamanda ŞT ölkələrində rəqəmsal bacarıqların qiymətləndirilməsi və proqnozlaşdırılması ilə bağlı mövcud vəziyyətə dair müvafiq məlumatların toplanmasına yönəlmiş EU4Digital təşəbbüsü tərəfindən həyata keçirilən sorğunun nəticələri və 2020-ci il üçün tədbirlər planı müzakirə edilmişdir.
Azərbaycan nümayəndələri ölkədə elektron bacarığın vəziyyəti barədə təqdimat keçirmiş və aktiv müzakirələrdə fəal iştirak etmişlər.