“İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans keçirilib
14.02.2020 / XəbərlərBeynəlxalq konfransda Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov, Formula 1 Şirkətlər Qrupunun Baş İcraçı Direktoru və Sədri Çeyz Keri, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizov, AFFA-nın Baş Katibi və İcraçı Vitse-Prezidenti Elxan Məmmədov, PwC Şirkətinin Ölkə Üzrə İdarəedici Tərəfdaşı Mövlan Paşayev, Formula 1 Fransa Qran Prisinin Baş İcraçı Direktoru Erik Bulye, F1 Sky Televiziya Kanalının Rəhbəri Skot Yanq, “Galway 2020” Tədbirinin Əməliyyatlar və Maliyyə Üzrə Direktoru Alan Qreydi, “Quantum Consultancy” Şirkətinin Baş İcraçı Direktoru Mark Matir məruzəçi kimi çıxış ediblər.
Tədbirdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) “Xarici əlaqələr və İnnovasiya” şöbəsinin elmi işçisi Sevinc Babayeva “Marschall Scrutineering” mövqeyində könüllü olaraq iştirak edib.
Formula 1 şirkətlər qrupunun baş icraçı direktoru və sədri Çeyz Kerri fevralın 12-də Bakıda təşkil edilən “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib ki, Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçı ölkələrə mühüm faydaları var.
Ç.Keri bildirib ki, ölkənin gəlir götürməsi, Azərbaycanın dünyada təbliği və idmanın bu növünün inkişafı baxımından Formula 1 Qran-Prisi böyük önəm daşıyır. Liderlik və menecment komandasına sahib olması Bakının üstünlüyüdür. Küçə yürüşlərinin təşkili elə də asan deyil. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti təşkilatçı komanda olaraq bu işin öhdəsindən layiqincə gəlir. Eyni zamanda, bizim birgə əməkdaşlığımız da bəhrəsini verir.
Bu il 22 Qran-Prinin təşkil ediləcəyini xatırladan Formula 1 rəsmisinin sözlərinə görə, məqsəd uzunmüddətli tərəfdaşlığa nail olmaqdır: “Təqvimdə dəyişiklik qaçılmazdır. Eyni zamanda, uğurlu şəkildə genişlənmə olmalıdır. Elə bir yer seçməliyik ki, azarkeşlər baxımından münasib olsun. Bakı bu baxımdan bizim üçün ideal məkandır”.