AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda distant tədris davam edir
29.03.2020 / XəbərlərYeni növ koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə görülən tədbirlər çərçivəsində 2020-ci ilin mart ayının 3-dən Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında tədris prosesinin dayandırılması və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Ramiz Mehdiyev AMEA-nın magistraturasında təhsil alan magistrantlar üçün təhsil prosesinin müəyyən olunmuş müddətlərdə həyata keçirilməsini, həmçinin tədris olunan fənlərin tədris planlarında nəzərdə tutulmuş həcmdə mənimsənilməsini təmin etmək məqsədilə distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında sərəncam imzalamışdır.
Sərəncamın icrası ilə əlaqədar AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda 29 mart 2020-ci il tarixindən başlayaraq I kurs magistrantlar üçün distant tədris təşkil edilmişdir. Hal-hazırda İnstitutun I kurs magistraturasında “Riyaziyyat”, “Kompüter elmləri” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə 10 magistrant təhsil alır. Tədris prosesinə cəlb edilmiş professor-müəllim heyəti öz işçi planlarında (sillabuslarda) nəzərdə tutduqları mövzuların tədrisini internet üzərindən müxtəlif proqram-texniki vasitələr ilə həyata keçirir, mühazirə və təqdimatların, tapşırıqların elektron variantını e-poçt vasitəsilə magistrantlara göndərir, onlarla online rejimində dərslər təşkil edirlər. İnstitutun Təhsil Şöbəsi müəllimlərdən və magistrantlardan dərslərin gedişatı haqqında mütəmadi olaraq məlumatlar alaraq İnstitutun rəhbərliyinə və AMEA-nın Elm və Təhsil İdarəsinin Magistratura Şöbəsinə təqdim edir.