Azərbaycanın onlayn #TekkieHeroes Hakatonu 40-dan çox ölkədən 600-dən çox müraciətçini koronavirusla mübarizə üçün texnoloji həlləri tapmaq məqsədi altında birləşdirir
18.04.2020 / XəbərlərHakatonun qalibləri Polşa, Azərbaycan və Braziliyadan olan komandalar oldu
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC-nin birgə təşkilatçılığı ilə bu həftəsonu Azərbaycanın ilk Qlobal Virtual Hakatonu keçirilib. Hakaton 40-dan çox ölkədən 600-dən iştirakçını cəlb edərək koronavirusla mübarizədə insanlara kömək edəcək ideya və həlləri bir araya gətirib.
Hakatonun qalibləri Polşa, Azərbaycan və Braziliyadan olan komandalar oldu.
İştirakçılar 25 komanda şəklində qruplaşaraq fərqli məsələlərin həlli üzərində çalışıblar.
Beynəlxalq və milli innovasiya mütəxəssislərindən və terapevtlərdən ibarət münsiflər heyəti üçün qalibləri seçmək asan olmadı.
Çoxsaylı müzakirələrdən sonra hakatonun ilk 3 yer üzrə mükafatı aşağıdakı komandalara təqdim edildi:
Birinci yerə (5000 ABŞ dolları) Polşadan olan “Crisis Heroes” (“Böhran Qəhrəmanları”) komanda laiq görüldü.
Onlar pandemiya zamanı insanları və təşkilatları bir-birinə kömək etməsi üçün əlaqələndirən virtual platforma hazırladılar.
İkinci yerə (3000 ABŞ dolları) Azərbaycandan olan “Javid-19” komandası laiq görüldü. Onlar kiçik və orta ölçülü bizneslərə dəstək olmaq məqsədilə vauçer yolu ilə izolyasiyada olan insanlara mal və xidmətləri önödəmə və endirimlə alış-veriş imkanının yaradılması layihəsini hazırladılar.
Üçüncü yerdə isə (2000 ABŞ dolları) Braziliyadan “Zebrafish” komandası oldu. Onlar zebra balığının istifadəsi ilə koronavirus antigenlərinin sürətli testi üçün avadanlıq hazırladılar.
Önümüzdəki həftə ərzində qalib gələn üç komanda ideya və həllərini həyata keçirmək üçün mentorlarla birlikdə çalışacaqlar.
Hakatona PAŞA Bank, Socar AQS, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABAD, Azərbaycan Turizm Bürosu, Dövlət Turizm Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, AzCloud, AzInTelecom və Məlumat Hesablama Mərkəzi daxil olmaqla çox sayda milli tərəfdaş və sponsorlar qoşuldu.
Beynəlxalq tərəfdaşlar arasında Amazon Veb Xidmətləri, Avropa Startup Şəbəkəsi, Startup Grind, Hackquarters, Tekwill, Astana Hub, Fongogo, Silikon Vadisi Cibinizdə (Silicon Valley In Your Pocket), Start-Ist, MeOut təşkilatı, Startup Weekend kimi təşkilat və şirkətlər yer aldılar.