AMEA İdarəetmə Sistemləri İnstitutunun GAMŞ-nın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş onlayn iclası keçirilmişdir
08.05.2020 / XəbərlərAMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci il dönümünə həsr olunmuş “İKT vasitələrindən istifadə edərək pandemiya dövrünün idarə olunması” mövzusunda onlayn iclası keçirilib.
İclasda şuranın sədri, riyaziyyat üzrə fəlsəfə doktoru Rəşad Məstəliyev institutun gənc alimlərinin pandemiya dövründəki fəaliyyəti, yerinə yetirdikləri işlər barədə məlumat verib. O, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti nəticəsində yaradılan imkanlardan danışaraq, gənc alimlərə bu fürsətlərdən yetərincə faydalanmağı tövsiyə edib.
Sonra şuranın sədr müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygün Əliyeva pandemiya dövründə yanlış və neqativ informasiyalardan qorunmaqla inkişafın təmin olunmasından, bu kimi məlumatların yarada biləcəyi çətinliklərdən söz açıb.
Şuranın sədr müavini, kiçik elmi işçi Lamiyə Nəcəfova isə karantin dövründə tədris prosesində tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları və distant təhsildən danışıb. Bu sahədə istifadə edilən yeni proqram və vasitələrin təhsildə rolunu qeyd edib.
İnstitutun elmi işçiləri Sevinc Babayeva karantin dövründə Xarici əlaqələr şöbəsi tərəfindən yerinə yetirilən işlər və üzərində çalışdığı dissertasiya işi, Valeriya Puşnova yeni çapdan çıxmış “Distant təhsil” mövzusunda məqaləsi, Ləman Məmmədova 3.5 saylı laboratoriyada aparılan tədqiqatlar və Ukraynada keçirilən onlayn beynəlxalq konfrans üçün tezislər ətrafında çıxış ediblər.
Sonda A.Ə. Əliyeva yaxın zamanlarda ölkə prezidentinin qəbul etdiyi qərarlar nəticəsində ölkədə Koronavirusun yayılmasının tamamilə dayanacağına və insanların əvvəlki həyatına qayıdaraq öz fəaliyyətinə davam edəcəklərinə inandığını söyləmiş və karantin şəraitində keçirilən tədbirdə fəal iştirak etdikləri üçün gənclərə şura adından təşəkkürünü bildirmiş.