Bakıda “COIA-2020” beynəlxalq onlayn konfransı keçirilir
28.08.2020 / Xəbərlər26 avqust 2020-ci il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə Sənaye Tətbiqli İdarəetmə və Optimallaşdırma 7-ci beynəlxalq konfransı (COIA-2020) onlayn formatda işə başlayıb.
Üç gün davam edəcək konfransın təşkili tədqiqatçıların fikirlərini bölüşməsi, son nəticələri müzakirə etməsi üçün sənaye mütəxəssisləri ilə görüşə biləcəyi bir ortam təmin etmək məqsədi daşıyır.
“COIA-2020” “İdarəetmə nəzəriyyəsi”, “Optimallaşdırma”, “İntellektual sistemlər”, “Fazzi idarəetmə”, “Şəbəkə və telekommunikasiya”, “Ədədi və hesablama metodları”, “Riyazi modelləşdirmə və simulyasiya”, “Sənaye və iqtisadiyyatda tətbiqlər”, “İdentifikasiya”, “Fiziki problemlərdə optimallaşdırma prosedurlarının tətbiqi” mövzularını əhatə edir.
İdarəetmə və optimallaşdırmanın bütün aspektləri plenar görüşlərdə tanınmış alimlər tərəfindən təqdim ediləcək.
Qeyd edək ki, konfransın saytında müxtəlif ölkələrdən 476 alim və tədqiqatçı qeydiyyatdan keçib. Redaksiyaya 300-ə qədər məqalə daxil olub, rəy prosesindən sonra 256 məqalə konfransın materiallarında dərc olunub. İştirakçılar Azərbaycan, Türkiyə, Ukrayna, Rusiya, İran, Hindistan, Şimali Kipr Türk Cümhuriyyəti, Meksika, Qazaxıstan, Qırğızıstan, Almaniya, Özbəkistan, İtaliya və Küveyti təmsil edirlər.
Həmçinin AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları akademik Asəf Hacıyev, “Determinik sistemlərdə qərar qəbuletmənin ədədi üsullаrı” laboratoriyasının rəhbəri, professor Kamil Ayda-zadə, f.r.e.n, dosent Əşrəfova Yeganə, r.ü.f.d., dosent Rəhimov Anar, “Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə” laboratoriyasının rəhbəri, f.r.ü.f.d. üzrə fəlsəfə doktoru, dosent Ədalət Paşayev, Səbziyev Elxan, 1.2 saylı "Siqnаllаrın tanınması üsulları və texniki diaqnostika sistemləri” laboratoriyasının baş elmi işçisi, t.e.d., professor Ramin Rzayev, “Neft və qaz məhsullarının nəqli prosesinin nəzarət və ölçü vasitələrinin yaradılması” laboratoriyasının rəhbəri, t.ü.f.d., dosent İsayev Məzahir, “Sosiаl-iqtisаdi proseslərin modelləşdirilməsi” laboratoriyasının müdiri, i.ü.e.d., professor Həsənli Yadulla, r.ü.f.d, dosent Məstəliyev Rəşad bu elmi konfransda onlayn iştirak edirlər.
Mənbə: elm.az