Türkmənistan və Azərbaycan: alimlərin əməkdaşlığı məqaləsi Türkmənistanın “Neytral Türkmənistan” qəzetində çap edilmişdir
08.09.2020 / XəbərlərMartın 11-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri zamanı Dövlətlərarası sazişlərə imza atılmışdır.
O cümlədən "Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutu ilə Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu arasında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Türkmənistanın Təhsil naziri Mammetmırat Geldinıyazov imzalamışdılar.
Hal-hazırda əməkdaşlığın indiki mərhələsində Anlaşma Memorandumunun yerinə yetirilməsi məqsədi ilə Azərbaycan və Türkmənistan Respublikaları ərazilərində, xüsusi olaraq Xəzər dənizi ətrafında sənaye tipli müasir kompüter və rabitə avadanlıqları ilə təchiz edilmiş stansiyalar şəbəkəsinin yaradılması və stansiyalar şəbəkəsindən seysmik proseslərin xəbərdarlıq sistemi kimi istifadə edilə bilməsi üçün texnologiyaların yaradılması da nəzərdə tutulur.
29 iyul 2020-ci il tarixində Türkmənistanın aparıcı qəzeti olan “Neytral Türkmənistan” Türkmənistan-Azərbaycan elmi əlaqələrinə həsr olunmuş, “Türkmənistan və Azərbaycan: alimlərin əməkdaşlığı” məqaləsi Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizika İnstitutunun elmi katibi Svetlana Ahmedova tərəfindən çap edilmişdir.
23 yanvar 2019-cu il tarixində təsdiq edilmiş "Türkmənistanın seysmik zonalarında seysmik riskin azaldılması" proqramı və Qurbanqulu Berdiməhəmmədovun Xəzər regionu ölkələri ilə beynəlxalq elmi və texniki əməkdaşlığın inkişafı ilə bağlı 1 fevral 2019-cu il tarixli sərəncamına əsasən, Türkmənistan seysmoloqları AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun RNM ASP stansiyaları tərəfindən alınan məlumatların anomal seysmik proseslərin baş verdiyi dövrdə gələcək zəlzələlərin baş verə bilməsinin müəyyənləşdirilməsinə imkan verən intellektual sistem yaradılması təklifini qəbul etmişdilər.
Türkmənistan və Azərbaycan ölkələri arasında Anlaşma Memorandumunun imzalanmasından əvvəl çox iş görülmüşdü. Türkmənistan Elmlər Akademiyası Seysmologiya və Atmosfer Fizikası İnstitutunun mütəxəssisləri Azərbaycan stansiyalarının işi ilə tanış olmuşdular və Türkmənistanda belə bir xəbərdarlıq sisteminin yaradılması imkanlarını təhlil etmişdilər. İki ölkənin alimləri əvvəllər də anomal seysmik proseslərin izlənilməsinə dair təcrübələrin nəticələrinin müzakirəsində iştirak etmişlər. Türkmənistanda bir (RNM ASP) stansiyası üçün yer seçilmiş və RNM ASP stansiyası yaradılmışdır, seysmo-akustik stansiyanın effektivliyini və məlumat məzmununu göstərən birgə təcrübələr aparılmış və Türkmənistan stansiyaları ilə birlikdə ilkin xəbərdarlıq üçün vahid bir məlumat sistemi təşkil edəcək bir neçə stansiyanın tikilməsi üçün yerlərin təyin edilməsi qərara alınmışdır.
İki ölkə alimləri COVID-19, koronavirusu pandemiyası qurtardıqdan sonra Türkmənistan ərazisində RNM ASP stansiyaları şəbəkəsinin yaradılması işlərini yerinə yetirməyi planlaşdırmışlar.