"Vikipedia"da AMEA Yüksək Texnologiyalar Parkı haqqında geniş məlumat yerləşdirilib
14.10.2020 / XəbərlərDünyanın ən böyük onlayn ensiklopediyası olan "Vikipedia"da AMEA-nın Yüksək Texnologiyalar Parkının yaranma tarixi, məqsədi və fəaliyyət istiqamətləri, həmçinin rezidentləri və şuralarına dair Azərbaycan, rus və ingilis dillərində geniş məlumat yerləşdirilib.
Məlumatda bildirilib ki, Yüksək Texnologiyalar Parkı elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu və maddi-texniki bazası olan ərazidir.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkının əsas məqsədi ölkədə iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdan ibarətdir.
Əsas fəaliyyət istiqamətləri bölməsində Parkın yarandığı dövrdən innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, cəmiyyətdə innovativ təşəbbüslərin artırılması və ən əsası elmin kommersiyalaşmasını həyata keçirməklə innovativ sahibkarlığın formalaşmasına dəstək verdiyi diqqətə çatdırılıb: “Hazırda Texnologiyalar Parkı müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya yönümlü yeni texnologiyaların hazırlanması və təkmilləşdirilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir”.
Bildirilib ki, bu müəssisə yalnız Azərbaycanda deyil, həm də ölkənin hüdudlarından kənarda fəaliyyət göstərən alimlərimizlə əməkdaşlıq edir. Həmçinin Yüksək Texnologiyalar Parkı texnologiya və innovasiya sahəsində baş verən yeniliklərlə yaxından tanış olmaq məqsədilə müxtəlif ölkələrin texnoparkları ilə sıx əlaqədədir.
Materialda, həmçinin Parkın rezidentləri, inkubator rezidentləri, eləcə də Muşahidə və Ekspertlər şuralarının fəaliyyətinə dair ətraflı məlumat verilib.
mənbə: science.gov.az