Xocalı soyqırımı
26.02.2021 / Conferences, assemblies“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Heydər Əliyev
XX əsrdə milli haqları uğrunda mübarizə aparan Azərbaycan xalqı dəhşətli faciələrlə üzləşdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli hadisəsi baş verdi. Erməni hərbi birləşmələri Xocalıda Rusiyanın 366-cı motoatıcı polkunun əsgərləri ilə birlikdə azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdi. Bu faciəni törədənlər Azərbaycan xalqını qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər.
Erməni faşizminin mahiyyəti ondan ibarət idi ki, onların işğal etdikləri ərazilərdə bir nəfər də olsa azərbaycanlı qalmır, dinc əhali öldürülür, mədəniyyət abidələri dağıdılır, kəndlər yerlə yeksan edilir, bir sözlə son dövrdə də şahidi olduğumuz yandırılmış torpaq siyasəti aparılırdı. Bu şəhərin blokadaya salınaraq hədəf seçilməsi heç də təsadüfi deyildi. Çünki azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan, Aran və Dağlıq Qarabağ arasında bağlayıcı rolunu oynayan Xocalı ən böyük və qədim yaşayış məskəni olmuşdur. Xocalıda tapılan maddi mədəniyyət abidələri zənginliyi və qədimliyi ilə diqqət çəkdiyi üçün son tunc və ilk dəmir dövrü arxeoloji abidələrin böyük bir qismi elmi ədəbiyyatda Xocalı-Gədəbəy mədəniyyəti ilə tanınmışdı. Xüsusi qəddarlıqla həyata keçirilən soyqırımını törədənlər məkrli siyasətləri ilə bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd qoymuşdular.
Bu faciəli gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıq və işgəncə verməklə öldürülmüş, 76-sı uşaq olmaqla, 487 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 1275 sakin- qadınlar, uşaqlar və qocalar girov götürülərək ağlasığmaz zülmə, təhqir və həqarətlərə məruz qalmışlar. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Ermənilərin Xocalıdakı caniliyini əks etdirən çoxsaylı sənədlər, tarixi faktlar göstərir ki, törədilən vəhşilik məhz soyqırımı aktıdır və beynəlxalq hüquq normalarına, insan haqlarına tamailə ziddir.
Qətliamın əsl mahiyyətini açıqlamaq, siyasi-hüquqi qiymət vermək üçün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmiş, fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan edilmişdir.
Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması, cinayətkarların ifşa olunması istiqamətində illərdir əməli tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı - XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.
Bu istiqamətdə fəaliyyət göstərən təşkilatlar, cəmiyyətlər, kampaniyalar hər il Azərbaycanda və xarici ölkələrdə tədbirlər keçirir. Onlardan biri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyasıdır. AzIzNews (“Azİz” -Azərbaycan-İsrail beynəlxalq assosiasiyası) agentliyinin məlumatına əsasən, “Xocalıya Ədalət” beynəlxalq informasiya kompaniyasının təşkilatçılığı ilə Tel Əvivin Jurnalistlər Evində Milli Məclisin gənclər və idman komitəsinin sədri, Knessetanın deputatları, beynəlxalq təşkilatlar və media nümayəndələrinin iştirakı ilə Azərbaycanın Xocalı şəhərində baş verən faciəyə həsr olunan tədbir keçirilmişdir. Hər il fevralın 26-sı “Azİz”-in təşkilatçılığı ilə “Xocayıla ədalət” şuarı altında tədbirlər keçirilir.
Ötən iyirmi doqquz il ərzində Xocalı faciəsi Türkiyə, İsrail, İtaliya, İndoneziya, Ukrayna, ABŞ, Moldova kimi müxtəlif ölkələrin mətbuatında işıqlandırılmışdır. "Milliyyət", “Washington Post”, "The Independent", "The Times", “Le Monde” və sairə KİV-də məlumatlar əks olunmuşdur. Fransız jurnalisti Jan-İv Yunet faciə ilə bağlı yazırdı: “..Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə həlak olmuş dinc əhalinin - qadınların, kişilərin, qocaların və Xocalı müdafiəçilərinin meyitlərini gördük. Bizə helikopter verdilər, biz quş uçuşu hündürlüyündən Xocalı ətrafında nə gördüksə hamısını çəkirdik. Bu dəhşətli mənzərə idi. Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı barədə çox eşitmişəm, lakin ermənilər 5-6 yaşlı uşaqları, dinc əhalini öldürərək onları geridə qoyublar. Biz xəstəxanalarda, vaqonlarda, hətta uşaq bağçaları və məktəblərin binalarında çoxlu yaralı gördük".
Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.
Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı haqqında deyib: “Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”.
Azərbaycanın 48 rayonunda məskunlaşan xocalılılar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, işğal olunmuş torpaqlarımızın azad edilərək ölkəmizin ərazi bütövlüyünün bərpası ümidi ilə yaşayırdılar və həmin günün uzaqda olmadığına inanırdılar. Azərbaycan xalqı inanırdı ki, Xocalı soyqırımının günahkarları layiqli cəzalarını alacaqlar.
2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu əzəli Azərbaycan torpaqlarını düşmən işğalından azad etdi. Ölkə rəhbərinin göstərişi ilə azad olunan ərazilərdə yenidənqurma və bərpa işləri aparılır. Qədim tarixi irsə malik Xocalı yaxın gələcəkdə yenidən dirçələcəkdir.