Görkəmli alim Qorxmaz İmanovun 80 yaşı tamam olur
17.04.2021 / XəbərlərAprelin 17-də iqtisadiyyatın riyazi və instrumental üsulları sahəsində elmə mühüm töhfələr vermiş görkəmli alim, iqtisad elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı, AMEA İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri Qorxmaz İmanovun 80 yaşı tamam olur.
Qorxmaz Cahangir oğlu İmanov 1941-ci il aprelin 17-də Bakı şəhərində dünyaya göz açıb. 1958-ci ildə 199 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olmuş və 1964-cü ildə İqtisadiyyat fakültəsini bitirmişdir.
Alim 1964-1967-ci illərdə Moskva Şəhərində SSRİ EA Mərkəzi İqtisadi-riyaziyyat İnstitutunun aspiranturasında təhsil almış və 1968-ci ildə həmin institutda iqtisad üzrə fəlsəfə doktoru, 1975-ci ildə isə iqtisad elmləri doktorluq dissertasiyasını müdafiə etmişdir. Daha sonra 1983-cü ilin iyun ayında professor elmi adına və 1984-cü ildə elm sahəsində Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. O, Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağının 2 may 2017- ci il tarixli qərarı ilə AMEA- nın müxbir üzvü seçilmişdir. Görkəmli elm xadiminin rəhbərliyi ilə 1974-cü ildə ilk dəfə respublikada makroiqtisadi sistemlərin modelləşdirilməsi sahəsində elmi-tədqiqat işləri aparmaq üçün Kibernetika İnstitutunda laboratoriya yaradılmış və 1987-ci ilə qədər həmin laboratoriyaya başçılıq etmişdir.
Əmək fəaliyyəti çoxşaxəli olan alim Azərbaycan Dövlət Plan Komitəsinin və sonralar İqtisadiyyat Nazirliyinin Elmi-tədqiqat İqtisadiyyat institutunun müdiri (1987-1993) vəzifəsində, Rusiya Elmlər Akademiyasının Bazar Problemləri İnstitutunda (1995-1998) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində baş müşavir vəzifəsində (1999- 2000) çalışmışdır. Professorun geniş pedaqoji fəaliyyəti Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Siyasi İctimai Universiteti ilə bağlı olub.
Yumşaq hesablama üsulları, o cümlədən neyron şəbəkələri, fuzzy məntiqi və digər makroiqtisadi modelləşdirmə tətbiqləri sahəsində geniş tədqiqat işləri aparan professorun rəhbərliyi altında Azərbaycanda “Makroekonomik sistemlərin modelləşdirilməsi” (1974) və “Fuzzy iqtisadiyyat” (2003) kimi iki elmi məktəb və respublikada ilk dəfə olaraq fazi iqtisadiyyat laboratoriyası (2003) yaranmışdır. Qeyd edək ki, alim hazırda AMEA İdarəetmə Sistemləri İnstitutunda Fazi iqtisadiyyat laboratoriyasının rəhbəri vəzifəsində çalışır.
Respublikada iqtisadi-riyazi üsullar sahəsində çalışan ilk alimlərdən biri olan Q.İmanovun əsas elmi nailiyyətləri fazi iqtisadiyyat, müttəfiq respublikaların xalq təsərrüfatlarının planlaşdırılması, iqtisadi proqnozlaşdırma modelləri, həmçinin sosial-iqtisadi sistemlərin planlaşdırılması ilə bağlı olmuşdur. Bununla yanaşı, Azərbaycanın sosial-iqtisadi, eləcə də sosial sistemlərin keyfiyyətinin qiymətləndirilməsinin qeyri-səlis modelləri, iqtisadi qeyri-müəyyənlik problemləri və qeyri-səlis modelləri, dayanıqlı inkişafın milli strategiyasının qiymətləndirilməsi modelləri ilə də bağlıdır. Professorun tədqiqat işlərində iqtisadi informasiyalarda və proseslərdə baş verə biləcək qeyri-müəyyənlik problemlərinin araşdırılması və bu problemlərin sosial-iqtisadi sistemin müxtəlif səviyyələrində həlli üçün təklif edilmiş fazi modellərin respublikamızın inkişaf proqramlarında istifadəsi böyük əhəmiyyət kəsb edir.
Lütfi Zadənin yaratdığı Soft Computinq təşəbbüs qrupunun üzvü olan Q.İmanovun alimin 100 illiyinə həsr edilmiş “ İqtisadiyyatda fazi modellər” monoqrafiyası 2021-ci ildə Springer nəşriyyatıda çap edilmişdir. Monoqrafiyada sosial- iqtisadi inkişafın fazi təhlili, iqtisadi diversifikasiyanın səviyyəsi, maliyyə stabilliyinin ölçülməsi, milli yaşıl iqtisadiyyatın qiymətləndirilməsi modelləri, sosial-iqtisadi təhlükəsizliyin və informasiya iqtisadiyyatının inkişafı problemləri qiymətləndirilir.
Q. İmanov 2012 - ci ildə İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyasının xarici üzvü, Akademik N.P.Fedorenko adına Beynəlxalq Elm Fondunun İdarə heyyətinin üzvü, Avropa Kral Doktorlar Akademiyasının üzvü, Ali Avropa Doktorlar Şurasının fəxri üzvü (İspaniya) seçilmiş və şuranın medalı ilə təltif olunmuşdur. O, Rusiya İqtisad elminin inkişafında xidmətlərinə görə 2015-ci ildə müsabiqə nəticəsində akademik N.P.Fedorenkonun İqtisadi tədqiqatlar Beynəlxalq Elm Fondunun mükafatına layiq görülmüşdür.
Q. İmanov 16 monoqrafiyanın və 220-yə yaxın elmi əsərin müəllifidir, onlardan 100-ə yaxını dünyanın 18 ölkəsində dərc olunmuşdur. Onun elmi əsərlərinə akademiklərdən N.P.Fedorenko, S.S.Şatalin, N.Y.Petrakov, N.N.Moiseyev və digərləri müsbət rəy vermişdir.
Dünya elminə mühüm töhfələr bəxş etmiş tanınmış elm xadimi Qorxmaz İmanovu 80 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və iqtisadiyyat elminin tərəqqisində yeni-yeni uğurlar arzulayırıq!