“EcoMod Network” şirkətinin prezidenti Əli Bayar ilə görüş
03.06.2013 / XəbərlərAzərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor Akif Musayev 3 iyun 2013-cü il tarixdə "EcoMod Network” (Global Economic Modeling Network) şirkətinin prezidenti professor Əli Bayar ilə görüşmüşdür. Görüş zamanı müasir informasiya sistemlərinin, müxtəlif aspektli ekonometrika və optimallaşdırma modellərinin iqtisadi proseslərin idarə edilməsində tətbiq edilməsi məsələləri müzakirə edilmişdir. Dövlət tərəfindən iqtisadiyyatın tənzimlənməsi prosesində bu tipli tətbiqi proqramlar paketindən istifadə edilməsinin əhəmiyyəti qeyd edilmişdir.
Eyni zamanda vergi potensialı və vergidən yayınma məbləğlərini müəyyənləşdirmək və bunun əsasında vergi siyasətinin və inzibatçılığının səmərəliliyini düzgün qiymətləndirmək məqsədilə analitik təhlillərin aparılmasının istiqamətləri müəyyənləşdirilmişdir.
Əli Bayarın rəhbərlik etdiyi "EcoMod” Modelləşdirmə şirkəti əsasən beynəlxalq təşkilatlar, dövlət orqanları, mərkəzi banklar və bir neçə nəhəng şirkətlər də daxil olmaqla, dünyanın 100-dən çox ölkəsində məsləhət və təlim xidmətləri göstərən şirkətdir. O, Avropada, ABŞ-da və Asiyada mütəmadi on-layn və yerində təlim proqramları vasitəsilə intensiv iqitisadi modelləşdirmə sahəsində ən böyük məktəbdir.